Tarix
100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Cəmiyyət dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ölkəmizdə yeganə, tam və bərəbərhüquqlu üzvüdür. Azərbaycan Qızıl Aypara Cəmiyyəti dünyanın ən böyük humanitar şəbəkəsi olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) ilə birlikdə Azərbaycanda və bütün dünyada əhalinin həssas qruplarına daxil olan milyonlarla insanına dəstək və humanitar xidmətlərlə təmin edir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri hər zaman fövqəladə vəziyyətlərdən öncə hərəkət edərək, risklərin azaldılması məqsədilə həyata keçirilən maarifləndirmə tədbirləri vasitəsilə icmaların fövqəladə vəziyyətlərə hazırlığına kömək edir. Cəmiyyətinin əməkdaşları və könüllüləri hələ uzun müddət qalaraq zərər çəkmiş insanlara həyatlarını yenidən qurmaqda və dirçəlməkdə dəstək göstərir. Milli Cəmiyyət milliyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan insanlara humanitar yardım göstərir.